İddia sənədinin verilməsi Qanunun 9-cu maddəsinə uyğun olaraq, əmtəə nişanının qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) Agentliyə verir. 

İddiaçı Agentliyə iddia sənədini bilavasitə və ya Agentlikdə qeydə alınan patent müvəkkilləri vasitəsilə verə bilər.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti göstərənlər istisna olmaqla, xarici hüquqi və fiziki şəxslər Agentlik ilə hüquqi əhəmiyyətli işləri yalnız patent müvəkkilləri vasitəsilə aparırlar.

Əmtəə nişanının qeydə alınmasına dair verilən ərizədə nələr göstərilməlidir?

1. İddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkil vasitəsilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası)
2. İddia edilən nişanın şəkli və ya üçölçülü forması (nişan üçölçülü olduğu təqdirdə)
3. Nişanların qeydiyyatı üçün əmtəələrin və xidmətlərin Nitsa təsnifatı üzrə qruplaşdırılmış siyahısı
4. Əmtəə nişanının rəngi; nişanın və ya onun müəyyən hissəsinin transliterasiyası və tərcüməsi


Ərizəyə aşağıdakılar qoşulur:

1. Xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd
2. İddia sənədi patent müvəkkili vasitəsilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd
3. Kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri
4. Zəruri halda əmtəə nişanının ilkinliyini təsdiq edən sənəd 
5. Zəruri halda əmtəə nişanının sərgi ilkinliyini təsdiq edən sənəd


İddia sənədi hansı dildə olmalıdır?

Əmtəə nişanının qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir. İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər.
İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
Agentliyə verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə verilmədikdə və bu müddət başa çatanadək onun uzadılmasına əsaslandırılmış vəsatət təqdim edilmədikdə, iddia sənədi verilməmiş sayılır. İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş) ödənilməklə, müəyyənləşdirilmiş müddət əlavə olaraq 2 aya uzadılır. 

İddia sənədinin geri götürülməsi

Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.

İlkin Ekspertiza

Əmtəə nişanı iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Əmtəə nişanı və ya coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanılır. İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq üçün qəbul və ya rədd edildiyi iddiaçıya bildirilir.
Əmtəə nişanının ekspertizası
Əmtəə nişanının ekspertizası ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır. Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir. Coğrafi göstəricinin ekspertizası 2 ay ərzində aparılır.
Onlayn chat
X