İddia sənədinin verilməsi

Coğrafi göstəricinin qeydə alınması barədə iddia sənədini iddiaçı (hüquqi və ya fiziki şəxs) Agentliyə verir.
İddiaçı Agentliyə iddia sənədini aşağıdakı qaydada verə bilər:
- bilavasitə;
- Agentlikdə qeydə alınan patent müvəkkilləri vasitəsi ilə

 Coğrafi göstəricinin qeydə alınmasına dair ərizədə nələr göstərilməlidir?
- Qeydiyyat barəsində vəsatət
- İddiaçının adı, yerləşdiyi və ya yaşadığı yer, imzası (iddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə, patent müvəkkilinin soyadı, adı, ünvanı və imzası)
- İddia edilən coğrafi göstəricinin işarəsi
- Coğrafi göstəricinin aid ediləcəyi əmtəələrin və ya xidmətlərin adı
- Əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi obyektin hüdudları
- Əmtəələrin və ya göstərilən xidmətlərin xüsusiyyətlərinin təsviri

Ərizəyə aşağıdakılar qoşulur:
- Xidmət haqqının (ödənişin) ödənildiyini təsdiq edən sənəd
- İddia sənədi patent müvəkkili vasitəsi ilə verildikdə onun səlahiyyətlərini təsdiq edən sənəd
- Coğrafi göstərici kollektiv nişanı kimi təqdim olunduqda, kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya göstərilən xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri
- İddiaçının göstərilən coğrafi obyektdə olması, şöhrəti, xüsusiyyəti başlıca olaraq coğrafi mənşəyindən irəli gələn əmtəəni istehsal etməsi və ya xidməti göstərməsi barədə sənəd və müvafiq yerli icra hakimiyyəti orqanının rəyi
- Əmtəənin və ya xidmətin mənşə ölkəsində xarici iddiaçının iddia etdiyi coğrafi göstərici üzərində hüququnu təsdiq edən sənəd

İddia sənədi hansı dildə olmalıdır?
Coğrafi göstəricinin qeydə alınmasına dair ərizə Azərbaycan dilində verilir.
İddia sənədinə daxil olan digər sənədlər Azərbaycan dilində və ya başqa dillərdə verilə bilər.
İddia sənədinin başqa dildə verilmiş materiallarının Azərbaycan dilinə tərcüməsi iddia sənədinin verildiyi gündən 2 ay ərzində təqdim olunmalıdır.
Agentliyə verilmiş materialların Azərbaycan dilinə tərcüməsi müəyyənləşdirilmiş müddətdə verilmədikdə və bu müddət başa çatanadək onun uzadılması üçün əsaslandırılmış vəsatət təqdim edilmədikdə iddia sənədi verilməmiş sayılır.
İddiaçının vəsatəti əsasında və xidmət haqqı (ödəniş) ödənilməklə müəyyənləşdirilmiş müddət 2 aya qədər uzadılır. 

İddia sənədinin geri götürülməsi
Coğrafi göstərici barəsində iddia sənədi ona baxılmasının istənilən mərhələsində iddiaçının xahişi ilə geri götürülə bilər.
İlkin ekspertiza
Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizası iddia sənədlərinin daxil olduğu tarixdən 1 ay müddətində aparılır.
Coğrafi göstərici barəsində iddia sənədlərinin ilkin ekspertizasının aparılması gedişində iddia sənədinin məzmunu, zəruri sənədlərin mövcudluğu, habelə müəyyənləşdirilmiş tələblərə uyğunluğu yoxlanır.
İlkin ekspertizanın nəticələrinə əsasən iddia sənədinin baxılmaq ücün qəbul və ya rədd edildiyi iddiaçıya bildirir.

Coğrafi göstəricilərin ekspertizası
Coğrafi göstəricilərin ilkin ekspertizanın başa çatmasından sonra 6 ay ərzində aparılır.
Ekspertizaların nəticələrinə əsasən əmtəə nişanını və ya coğrafi göstəricinin qeydə alınmasına və ya qeydə almaqdan imtina edilməsinə dair əsaslandırılmış qərar qəbul edilir.
Onlayn chat
X